Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 30 il ötür

 

 

 

18 oktyabr 2021-ci il tarixində Azarbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.

18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edilmişdir.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Belə ki, 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

18 oktyabr 1992-ci il ildən Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü bayram kimi qeyd edilir. 2006-cı ilə qədər qeyri iş günü olub. 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

Milli Məclisin 15 oktyabr 2021-ci il tarixində keçirilən plenar iclasında 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib. 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunacaq, lakin iş günü olan bayram sayılacaq.

Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, 44 günlük müharibədə qələbə qazanılması nəticəsində öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu il həm də, müstəqilliyimizlə bağlı yubiley ilidir. Ərazi bütövlüyümüzün təmin olunmasından sonra keçirilən ilk yubileydir.

Bayramınız mübarək!