ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Vətən müharibəsi şəhidlərinin Anım mərasimi keçirilib

 

27 sentyabrda ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib. Mərasim Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun təşkil edilib.

Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbələr, həmçinin qonaqlar: şəhid tələbələrin vaideynləri və Vətən müharibəsinin iştirakçısı olmuş, müxtəlif medallarla təltif edilmiş kollec tələbələri iştirak edirdi.

Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başladı. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edildi.

Tədbiri giriş sözü ilə açan Sənaye və Texnologiya Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova vurğulayıb ki, Anım GünüAzərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalan, adları mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan Vətən müharibəsi şəhidləri barədə gənclərimiz daha geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri yüksəldilməlidir.

Kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru N.Məmmədova “27 sentyabr Anım Gününün ictimai-siyasi, tarixi əhəmiyyəti” mövzusunda məruzə edib. N. Məmmədova 27 sentyabr Anım Gününün mahiyyəti, ictimai-siyasi və tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Məruzədə qeyd edilirdi ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı.   Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi. “Dağlıq Qarabağ problemi” başlığı ilə işlənən ifadələr artıq “İkinci Qarabağ müharibəsi”, “Vətən müharibəsi” ifadələri ilə əvəz olundu.

44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu, 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

İkinci Qarabağ müharibəsi noyabr ayının 10-da Rusiya Federasiyasının bilavasitə təşəbbüsü, təşkilatçılığı ilə üçtərəfli sülh bəyanatının imzalanması ilə başa çatdı. Bəyanata əsasən 2020-ci ilin sonunadək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da, rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.

Ali Baş Komandanımızın da dediyi kimi, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə hər il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Təsadüfü deyil ki, Anım Günü kimi qeyd edilən 27 sentyabr məhz Vətən müharibənin başlandığı gündür. İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin xatirəsinin rəmzi (simvol) isə Xarıbülbüldür.

Ölkə başçısının 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.

27 sentyabr Anım Gününün böyük ictimai-siyasi, tarixi əhəmiyyəti vardır. Belə ki, 27 sentyabr Azərbaycan xalqının təkcə zəfər günü deyil, bu həm də işğal altında olan ərazilərimizin geri qaytarılması ümidlərinin  başlanğıcı olan bir gündür. 27 sentyabr insanların milli vəhdətinin təmin olunduğu bir gündür. Müharibə vaxtı Azərbaycan artıq bir vücudda idi. Milli vəhdət bir vücudda idi, xalq, ordu bir idi. Müharibə başlayan ilk gündə 52 partiya bəyanat verərək, dövlətin İkinci Qarabağ müharibəsi ilə bağlı siyasətini dəstəklədiklərini bəyan etdi. Həmin gün Azərbaycan xalqı ayağa durdu, xalqımız "Dəmir Yumruq" ətrafında birləşdilər. Bu milli birliyin təzahürü idi. 27 sentyabrda başlayan müharibədə xalq orduya böyük dəstək verdi. Bu baxımdan 27 sentyabr dövlət şüurunun başlanğıcı günüdür.

İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi-mənəvi dəstək verən ölkələrin işərisində qardaş Türkiyənin adını xüsusi qeyd etmək lazımdır. Türkiyə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana siyasi, hərbi, mənəvi baxımdan arxa olaraq, erməni işğalına son qoyulmasında böyük rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti bu gün şəhid ailələri və qazilərin rahat, təhlükəsiz yaşaması, onların rifahı üçün əlindən gələni əsirgəmir. Cari ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.

Şəhidlik adını zirvəyə yazmış şəxslərin ailə üzvlərinin və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə dövlət başçısının 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən “YAŞAT” Fondu təsis edilmişdir. Yüzlərlə şəhid ailəsi və müharibə iştirakçılarına Fonda toplanmış vəsait hesabına maddi dəstək göstərilmişdir. Şəhid ailələri və qazilərimizə qayğı ölkə Prezidenti tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, bu istiqamətdə sistemli layihə və tədbirlər həyata keçirilir.

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və həmin ərazidə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.

Artıq , 30 illik işğal nəticəsində tamamilə dağıdılmış bu əraziləri bərpa etmək, işğaldan azad edilmiş torpaqlarımıza 1 milyona yaxın doğma torpaqlarından köçkün düşən insanları öz yurdlarına qaytarıb, orada daimi məskunlaşdırmaq hazırda ən ümdə məsələdir.

Məruzə ətrafında kollecin Həmkarlar təşkilatının sədri Xəlil Bağırov, Ana dili və ədəbiyyat müəllimi Mərdan Camalov və Tahir Əfəndiyev çıxış edərək, Vətən uğrunda canından keçən şəhidlərimizin yaşadığı qısa, lakin şərəfli həyat yolunun gənclərimizə əsl örnək olduğunu, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük təkan verməsində böyük əhəmiyyətini diqqətə çatdırdılar.

Tədbirdə qonaq qismində iştirak edən şəhid tələbələrin valideynləri: ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqləndiyinə görə”medal, “Füzulinin azad edilməsinə görə”medalı, “Vətən müharibəsinin iştirakçısı” medalı ilə təltif edilmiş Ramin Hüseynovun anası Yunisə xanım, “Vətən uğrunda” medalı təltif edilmiş Nurlan Atakişiyevin atası Etibar Atakişiyev çıxış edərək, şəhid övladları ilə bağlı kövrək xatirələrini bölüşdülər və kollecin rəhbərliyinə minnətdarlığını bildirdilər.

Vətən müharibəsi iştirakçısı olmuş tələbələr adından III kurs tələbələri: “Füzulinin azad edilməsinə görə”medalı və “Xocavəndin azad edilməsinə görə”medalı ilə təltif olunmuş Nəcəfzadə Fuad, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Əkbər Bayramov müharibə ilə bağlı şəxsi təəsüratlarını bölüşdülər.

Kollecin Ana dili və ədəbiyyat müəllimi Ramilə Əfəndiyeva və bir qrup tələbəsi Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş, milli-vətənpərvərliklə bağlı şeirlər söylədilər.

Tədbirin sonunda kollecin Vətən müharibəsi şəhidlərinin həyat və mübarizə yolunu əks ətdirən videoçarxlar nümayiş edilib.

Tədbirdə Anım Gününə həsr olunmuş İkinci Qarabağ mübaribəsi, Vətən müharibəsi hadisələrini əks etdirən tələbələrin əl işləri və müxtəlif dillərdə yazılmış kitablar sərgilənib. Əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.