15 sentyabr - “Bilik Günü”dür.

15 sentyabr- Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında təhsil müəssisələrində dərslərin başladığı gün bütün təhsil ictimaiyyətinin bayramı olub, Bilik Günü kimi qeyd edilir. 2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi. Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış və həmin tarix Bilik Günü elan edilmişdir.

Lakin koronavirus pandemiyasına görə 2021/2022-ci tədris ilində Azərbaycanın təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlamayacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın və 10 sentyabr 2021-ci il 259 nömrəli Qərarın tələblərinə müvafiq olaraq 2021/2022-ci tədris ilinin başlanması aşağı siniflərdə sentyabrın 22-ə, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-a keçirilmişdir.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.

Bu haqda Hz. Məhəmməd (s.a.s.) Peyğəmbərin və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi.

“Elm tələbi üçün yola şıxan kimsə dönüncəyə qədər Allah yolundadır” Hz. Məhəmməd (s.a.s.) Peyğəmbər.

İslam hədislərinin birində deyilir:”Kim ki, elmi körpəlikdən öyrənir, onun elm öyrənməyi daş üzərində yazı yazmağa oxşayır. Kim ki, yaşlı vaxtında öyrənməyə başlayır, bu su səthində yazmağa oxşayır”.

Sokrata görə, bilikdən daha zəngin xəzinə, pis xasiyyətdir.

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəyYusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar biliyi yüksək qiymətləndirmiş, Azərbaycan, eləcə də dünya elminin inkişafına öz töhfələrini vermişlər.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Təhsil müəssisələrində tədrisin müasir təşkili üçün hər cür şərait yaradılıb. Ölkənin müxtəlif bölgələrində məktəblərin bərpası və gücləndirilməsi sahəsində əsaslı işlər davam etdirilir.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəblərin tikintisi ,əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində milyondan çox məktəbin təhsil şəraiti yaxşılaşdırılıb. Bu iş indi də davam etdirilir.

Bu gün Bakının daşnak-bolşevik zülmündən qurtuluşunun 103-cü ildönümüdür.

15 sentyabr tarixi eyni zamanda, Bakının daşnak-bolşevik zülmündən qurtuluşunun 103-cü ildönümü olub, Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir. Düz 103 il əvvəl, 15 sentyabr 1918-ci il tarixində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik birləşmələrindən azad etmişdir.

Bakının azad edilməsinin həm də böyük siyasi əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə şimali Azərbaycan bütövləşdi. AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü və digər bölgələrimiz də erməni quldur dəstələrindən təmizləndi.

Türkiyənin Azərbaycana verdiyi bu tarixi dəstək bu gün də xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilməkdədir. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Şuşa şəhərinin mərkəzi küçələrində hərbçilərin yürüşləri təşkil olundu. Bütün bunlar Türkiyənin bir əsr öncə ölkəmizə etdiyi qardaş yardımına xalqımızın duyduğu minnətdarlıqdan xəbər verir.

Ali Baş Komandanımızın iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız da azad edildi. Türkiyə bu Vətən müharibəsində də, ölkəmizə mənəvi və diplomatik baxımdan ciddi dəstək vermişdir.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək yüz il öncəki yardımlaşma ənənəsinin bu gün də davam etdiyinin bir göstəricisidir. Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər sürətlə inkişaf etməkdə, genişlənməkdədir. 44 günlük Vətən müharibəsində sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr bunu bir daha sübut edir.