26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri günü haqqında

 

 

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin görmüş olduğu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Gəncədə ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Daha sonra orduya çağırış haqqında fərman verildi. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas oldu. 1918-ci il avqustun 1-də Hərbi Nazirlik təsis edildi və Xosrov bəy Sultanov hərbi nazir təyin olundu. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

1920-ci ilin aprelində Sovet işğalından sonra Azərbaycanın Milli ordusu ləğv edildi. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qalaraq, öldürüldü.

Sovet imperiyası dağılandan və ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi. 1991-ci ilin 5 sentyabrında Müdafiə Nazirliyi yaradıldı və general-leytenant Valeh Bərşadlı nazir təyin edildi. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilirdi.

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbiçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırlıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi.

Prezident Heydər Əliyevin 22 may, 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Ulu Öndərin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Milli Ordunun güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan yenilməz, peşəkar, qüdrətli bir orduya malikdir. Milli Ordumuzun həm silah arsenalı, həm də maddi-texniki baza güclənirtəkmilləşir. Şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı peşəkarlığı getdikcə artır.

Ordumuz, qarşısında duran çox mühüm tarixi vəzifəni yerinə yetirərk, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən "Dəmir yumruq" əməliyyatı — Azərbaycanın İkinci Qarabağ müharibəsi və onun qələbə ilə sona çatması nəticəsində Milli Ordumuz 2020-ci ilin 4 oktyabrında Cəbrayılı, 17 oktyabrında Füzulini, 20 oktyabrında Zəngilanı, 25 oktyabrında Qubadlı və 8 noyabrında Şuşa şəhərini işğaldan azad edilmişdir.

Moskvadaimzalanan müqaviləyə əsasən, 2020-ci ilin noyabrın 10-da, Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad olunmuşdur.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardimançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir

Hazırda . Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.

Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir.

.