ADNSU nəzdində Sənaye və Texnologiya kollecində Milli Qurtuluş Gününə həsr olunan tədbir

 

 

ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində Milli Qurtuluş Gününə həsr olunan 15 iyun - Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən fenomenal şəxsiyyət- Heydər Əliyev” mövzusunda maarifləndirici seminar (onlayn) keçirildi.

Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı seminarı giriş sözü ilə açaraq, qeyd etdi ki, 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd olunan 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür.

Bu şanlı tarixi yaradan “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən böyük tarixi şəxsiyyət-Heydər Əliyevdir.

Kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru N. Məmmədova 15 iyun - Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən fenomenal şəxsiyyət-Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış etdi.

N.Məmmədovanın çıxışında qeyd olunurdu ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin müstəqilliyin ilk illərində Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişrdir. Azərbaycan strateji cəhətdən əhəmiyyətli ərazilərini itirmiş, yeni ərazi itkiləri üçün real təhlükə yaranmışdır. Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdır. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi kök atmağa başlamışdı.

Vətənin bu ağır dövründə, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. .

Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri olan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı (15 iyun) Milli Məclisin 27 iyun 1997-ci il 361 nömrəli qərarı ilə Milli Qurtuluş günü elan edildi.

Milli Qurtuluş gününə 1998-ci ildən dövlət statusu verildi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə dövlət quruculuğu prosesinin uğurla aparılması, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı şərait yarandı. İqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası milli maraqlara uyğun inkişaf etməyə başladı.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması ilə müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinə başlandı.

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. İlk dəfə olaraq demokratik şəraitdə çoxpartiyalılıq əsasında Azərbaycan parlamenti - Milli Məclisi seçildi

Son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda Milli Ordu formalaşdırdı, nizami silahlı qüvvələr yaratdı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu; ölkə ictimai-siyasi və iqtisadi böhrandan çıxarıldı; vətəndaş müharibəsinin qarşısı alındı; Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorundu və möhkəmləndirildi, dövlətimiz beynəlxalq aləmdə böyük uğurlar qazandı.

Heydər Əliyev xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verirdi. Onun xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.

Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.

Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.

Kollecin direktoru F.Şahbazlı iclas iştirakçılarını Qurtuluş Günü münasibəti ilə təbrik etdi və tədbiri yekunlaşdırdı.