Azərbaycanın mədəniyyət paytaxtı, Qafqazın musiqi mərkəzi- Şuşa

 

Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Sərəncamda deyilir: “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir”.

Əsası Qarabağın ilk xanı olan Pənahəli xan tərəfindən qoyulmuş, hələ 19-cu əsrdən Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilmiş Şuşa şəhərinin işğalı nəticəsində 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yerlə-yeksan edilmiş, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazası, Qafqazda yeganə Şərq musiqi alətləri fabriki və s. dağıdılmış, buradakı nadir sənət inciləri məhv edilmişdir (bax: https://az.wikipedia.org/wiki).

44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. 28 illik işğaldan sonra Şuşada Azərbaycan bayrağı qaldırıldı.

Ali Baş Komandan, Prezident İlham Əliyev "Şuşa bizimdir! Qarabağ bizimdir!" deyərək bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək, bildirib: “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! .

Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı -Zəfər bayramı elan edildi.

Şuşanın işğaldan azad edilməsi ilə orada olan tarixi- memarlıq abidələri də erməni əsarətindən qurtuldu, erməni vandallarından xilas oldu.

Şuşa şəhəri işğaldan azad olunduqdan sonra bərpa işlərinə başlanıldı.

32 ildən sonra mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada sülh, birgəyaşayış və mehriban dinc yaşamı təbliğ edən “Xarıbülbül” musiqi festivalı təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın rəmzi olan gülün adını daşıyan Xarıbülbül musiqi festivalının açılışındakı çıxışında bildirdi ki, “Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Biz bu günü 30 il səbirsizliklə gözləmişik. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik.

Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu”.

Onu da qeyd edək ki, “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunmuşdur.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!