Böyük Qayıdış ritorikası

 

 

Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam etmiş müharibə Ermənistanın mütləq məğlubiyyəti ilə bitmiş, Azərbaycan ona məxsus Dağlıq Qarabağ regionunu erməni işğalından azad etmişdir. Qarabağdakı zəfərimizdən artıq beş aya yaxın vaxt keçmişdir.

Qazanılmış Zəfər qələbəsini tamamlamaq, möhkəmlətmək üçün Böyük Qayıdış proqramını uğurla həyata keçirmək, 30 illik işğal nəticəsində tamamilə dağıdılmış bu əraziləri bərpa etmək, işğaldan azad edilmiş torpaqlarımıza 1 milyona yaxın doğma torpaqlarından köçkün düşən insanları öz yurdlarına qaytarıb, orada daimi məskunlaşdırmaq hazırda ən ümdə məsələdir.

Günümüzdə Azərbaycanın işğaldan azad olunmuş, tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş və məhv edilmiş ərazilərinin minalardan təmizlənməsi problemi var. Bu ərazilərin minadan təmizlənməsi və tam təhlükəsizlik zolağının yaradılması istiqamətində addımlar başa çatmayana qədər oraya əhalinin köçürülməsini təmin etmək mümkün deyil.

İşğaldan azad olunmuş əraziərdə bərpa və abadlıq-quruculuq işlərinin aparılması məsələsi normativ hüquqi aktlara əsaslanmalıdır. Əks halda, yəni müəyyən qaydalar olmadan İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafını tənzim etmək, həmçinin doğma torpaqlarından köçkün düşən insanları öz yurdlarına qaytarıb, orada daimi məskunlaşdırmaq mümkün deyildir.

Böyük Qayıdış proqramı, Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması işləri hüquq normalarının köməyi ilə tənzim edilir. Azərbaycan Respublikasının “Böyük Qayıdış” konsepsiyasının reallaşdırılması üzrə tənzimləyici və normativ-hüquqi qaydalar dövlətin müəyyən etdiyi standartlara və qaydalara uyğun təşkil olunmasını müəyyən edir. Respublikamızda bu istiqamətdə işi tənzimləmək üçün mühüm əhəmiyyətə malik bir sıra qanunlar qəbul edilmiş, hüquqi normalar müəyyən olunmuş, dövlətin qəbul etdiyi bir sıra rəsmi sənədlərdə öz əksini tapmışdır.

Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” (QDF) fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması üzrə yeni konsepsiyasının işlənib, hazırlanmasında böyük əhəmiyyətə malikdir

Dövlət əhəmiyyətli bu sənəddə qeyd olunur ki, Qarabağ Dirçəliş Fondunun yaradılmasında başlıca məqsəd işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələ üzrə fəaliyyəti nəzərdə tutur: a) Xüsusi idarəetmə forması və təhlükəsizlik; b) Strateji əhəmiyyətli infrastruktur məsələlərinin həlli; c) Sosial xidmətlərin təmin edilməsi; d) İqtisadiyyatın yenidən qurulması və davamlı inkişaf.

Deyilənlər baxımından “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer alması, yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması və s. kimi məsələlərin nəzərdə tutulması böyük əhəmiyyətə malikdir. “Böyük Qayıdış” proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü rolunu oynayacaq, azad edilmiş torpaqlarda inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində yeni imkanlar açacaq.

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında qeyd etdiyi kimi, Qarabağın yenidənqurma işləri, Böyük Qayıdış proqramı ilə bağlı ilk kontraktlar Türkiyə şirkətləri ilə imzalanıb. Türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolla bağlı fəaliyyətdədirlər. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak edirlər.

Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və inkişafı növbəti onilliklərdə Azərbaycan iqtisadiyyatına böyük dividentlər verəcəkdir. Azərbaycan Prezidenti artıq bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyaraq, demişdir: "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran, eləcə də, digər dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, Böyük Qayıdış proqramını həyata keçirmək, inteqrasiya layihələrinin icrası ilə bağlı əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində yeni imkanlar açır.