Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Ümummilli lider Heydər Əliyev- Azərbaycanın dövlət müstəqilliyi praktik müstəvidə” mövzusunda tədbir

ADNSU nəzdində Sənaye və Texnologiya kollecində (BİTK) Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Ümummilli lider Heydər Əliyev-Azərbaycanın dövlət müstəqilliyi praktik müstəvidə mövzusunda tədbir (onlayn) keçirildi.

Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həm Sovet hakimiyyəti dövründə, həm də, müstəqillik dövründəki dövlətçilik siyasətindən, onun Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafında olan böyük xidmətlərindən, həmçinin Azərbaycanın beynəlxalq arenada tanınması istiqamətində gördüyü işlərdən bəhs edən mühazirə dinlənildi.

Mühazirədə qeyd olunur ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açılanda ilk növbədə onun ikinci hakimiyyət dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir.

1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox şəhid vermiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev Azərbaycana qayıtdı. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi.

H.Əliyevin rəhbərliyi ilə, yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlət quruculuğu prosesi başlandı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı; ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi; 1994-cü ilin mayında cəbhədə atəşkəs elan edilməsinə nail olundu; 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalandı; Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atıldı; Bakı-Supsa boru kəməri tikilib istifadəyə verildi; Bakı –Tiflis – Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalandı və onun həyata keçirilməsinə başlandı. Böyük İpək Yolunun bərpasında–ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycanın aparıcı rolu təmin edildi. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və region qüvvələrinin birləşməsində önəmli rol oynadı.

Heydər Əliyevin bilavasitə rəhbərliyi altında 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi; Konstitusiya Məhkəməsi fəaliyyətə başladı; -Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olundu; 1995-ci ilin mayında əfvetmə institutu bərpa edildi; Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu aldı, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü oldu.

1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən Azərbaycan prezidenti seçildi. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalandı.

Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin bu günkü hərtərəfli inkişafı Heydər Əliyevin uzaqgörənliklə hazırladığı konsepsiya əsasında qurulmuşdur.

Bu gün Ulu Öndərimizin varisi olan ölkə Prezidenti cənab İlham Əliyev onun arzu və ideyalarını uğurla davam etdirir. Həyata keçirilən mühüm əhəmiyyətli meqa layihələr –TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və digərləri Azərbaycanın şərqlə qərb arasında nə qədər önəmli rol oynadığına bariz nümunədir. Dəyəri milyardlarla dollar olan “Bir kəmər-bir yol” layihəsinin də ideyası illər öncə tarixi İpək yolunun bərpa edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində təxminən 30 il davam etmiş işğala son qoyması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycan bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!

Müzakirəyə qoyulan mövzu ətrafında suallar cavablandırıldı.