İşğaldan azad olunmuş ərazilərdə birgəyaşayış ritorikası çərçivəsində “Uzunmüddətli sülhü təmin etmək prioritet vəzifədir”.

 

 

Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun (Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i) 30 ilə yaxın erməni işğalı altında olub. Ermənistan bu işğal zamanı azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Təxminən son 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik fəaliyyətini həyata keçiriblər. Təəsüf ki, ATƏT-in Minsk qrupu bu münaqişəni həll edə bilməyib. Əksinə Minsk qrupunun həmsədrləri öz tərəfsizliklərini qoruya bilməyib, təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymayıb və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə ediblər.

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır.

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi ilə 44 günlük Vətən müharibəsi zəfərlə başa çatmışdır.

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpa olunması regionda davamlı sülhə və gələcək inkişafa möhkəm zəmin yaradıb. Bu yeni imkanlardan bütün region ölkələrinin tam yararlanması üçün ilk növbədə Ermənistanın revanşist cəhdlərdən, təxribatlardan əl çəkməsi vacib amildir.

10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 10 noyabr tarixində imzalanmış bəyanatdan sonra regionun inkişafını, uzunmüddətli sülhü təmin etməsi əsas prioritet vəzifədir.

Şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyev bölgənin sülhü üçün gərginliyə son qoyub buranı yenidən qurmağın nə qədər vacib olduğunu vurğulayaraq, həm Rusiyanı, həm də Ermənistanı razılaşmaya sadiq qalmağa çağırdı. Bu, Azərbaycan dövlətinin, ölkə başçısının siyasi mövqeyi baxımından olduqca doğru bir addım idi.

Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Artıq Azərbaycanın məqsədi kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Təbii ki, bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcəkdir.

Müharibədən heç beş ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda müsbət istiqamətdə gedir.

Bu gün inteqrasiya barədə danışanda müxtəlif inteqrasiya variantlarının olması  labüd prosesdir.

Azərbaycan əməkdaşlığa açıq olan ölkədir. Məlum olduğu kimi,  ölkəmizdə müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir.

Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar.  Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

Azərbaycanın işi haqq işidir. Vətənimizin ərazi bütövlüyünün təmin olunması xalqımızın tarixi haqqıdır. Qarabağ Azərbaycandır!