Azərbaycanda yaradılmış Hərbi Qənimətlər Parkına dair

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində İkinci Qarabağ müharibəsində böyük uğur əldə etdi.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində qeyd etdiyi kimi, Vətən müharibəsində qazanılmış Böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu, tarixi ədalət bərpa edildi. İşğalçılar əzəli torpaqlarımızdan qovuldu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silah-sursatlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürüldü.

2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında düşməndən qənimət kimi götürülən həmin texnikaların bir qismi nümayiş etdirildi.

Ermənistan rəhbərinin kapitulyasiya aktını imzalamasından bir gün sonra noyabrın 11-də hərbçilərlə görüşən Prezident İlham Əliyev düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demiş və  açıq səma altında Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdür. Qısa bir müddətdə Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı salınıdı.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu və bu nadir parkın  ilk ziyarətçisi də məhz,  Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. İlham Əliyevə Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edildi.

Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında qabarıq şəkildə vurğuladı ki, düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü və düşmənin məğlubiyyətini göstərir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmiş və qənimət kimi götürülmüşdür.

Hərbi Qənimətlər Parkında  nümayiş etdirilən qənimətlər sırasında saz vəziyyətdə olan KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika, həmçinin düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenti-raket kompleksi, “İsgəndər M” raketinin qalıqları kimi hərbi texnika ilə yanaşı, əsgərlərin dəbilqələri, habelə erməni hərbçilərin təsvir olunduğu mulyaj maketləri və digər eksponatlar da vardır.

Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir.

Hərbi Qənimətlər Parkında ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalarından biri, rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də öz əksini tapıb.

Azərbaycanda yaradılmış Hərbi Qənimətlər Parkı ölkəmiz üçün bir ilk olub,  İkinci  Qarabağ müharibəsində əldə edilmiş şanlı qələbənin nümayişi ilə bərabər Ermənistana və onu himayə edənlərə göz dağıdır. Ermənistanın 30 illik hegemonluğuna son qoyulması barədə dünyaya bir mesajdır.

Bu park tariximizin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, bu park Azərbaycanın haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizənin bir göstəricisidir.

 

Qardaş Türkiyənin, habelə digər ölkələrin kütləvi informasiya vasitələrinin bu park barədə geniş məqalələr dərc etməsi bir daha təsdiqləyir ki, ölkəmizin qazandığı bu tarixi Qələbə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.