Görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh Mükafatının verilməsi haqqında

 

 

 

 

 

13 aprel 1999-cu il tarixində görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyev Qafqazda və bölgədə sülh uğrunda apardığı məqsədyönlü fəaliyyətinə görə Türkiyə Cümhuriyyətinin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. Atatürk Beynəlxalq Sülh Mükafatı 1986-cı ildən təqdim edilən və dünyada sülhə töhfə vermiş insanlara verilən Türkiyənin Dövlət mükafatıdır.

Təqdim edilmə mərasimi 1 noyabr 1999-cu ildə Ankarada keçirilib. Türkiyə Prezidenti Süleyman Dəmirəl mükafatı, onun nişanını və diplomunu Ankarada keçirilən mərasimdə Heydər Əliyevə təqdim edib.

Heydər Əliyev mərasimdəki çıxışında vurğuladı ki,  Mən bir çox digər ölkələrin  mükafatlarını, nişanlarını almışam. Ancaq Türkiyə Cümhuriyyətinin mükafatını, Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq və xüsusən sülh adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu mükafat mənim indiyə qədər aldığım mükafatların hamısından yüksək, qiymətlidir...”

Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də “sülh dili” ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi.

1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaradaraq, dünyanın qabaqçıl dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatları ilə inteqrasiya yolunu tutdu. Məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi reallığa çevrildi.

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına, regionda sabitliyin yaranmasına nail olmuşdur. Bu, həm dövlətimizin sülh arzusunun ifadəsi, həm də həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi.

Xalqımız Heydər Əliyevi Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevir. Bu gün ölkəmizdə bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatan, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğal altında olan torpaqlarımızı  azad etməsi xalqın sabaha olan inamını qat-qat artırmış, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.