“Tariximizin qanlı səhifələri” ritorikası çərçivəsində “31 Mart - Azərbaycanlıların soyqırımı günüdür”

 

Şaumyanın rəhbərliyi ilə erməni faşistləri tərəfindən Azərbaycanlılara qarşı həyata keçirilən  31 mart soyqırımından 103 il ötür.

XX yüzildə azərbaycanlılar erməni quldur dəstələri tərəfindən bir neçə dəfə soyqırıma məruz qalmışlar. Onlardan biri də, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilən qanlı soyqırımdır.

Böyük “Ermənistan” xülyası ilə yaşayan ermənilər 1917-ci il oktyabr çevrilişindən sonra öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək, Bakıya göndərildi. Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi məkirli bir planı həyata keçirməyə başladılar.

1918-ci il martın 31-də Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütun” partiyasının 4 minlik silahlı dəstəsi Bakı şəhərində azərbaycanlılara qarşı kütləvi qırğın törətdi.  31 Mart - Azərbaycanlıların soyqırımı gününün şahidi olmuş bir xarici səyyahın (Kulner soyadlı alman) 1925-ci ildə yazmış olduğu qeydlərində bu qəddarlıq və amansızlıq daha aydın təsvir olunur:“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Usaqlar yanan evlərə atılmış, diri-diri yandırılmışdır. Üç-dörd günlük südəmər uşaqlar süngüyə taxılmışdır.

Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Bu soyqrım Azərbaycanın əyalətlərinə də yayılmışdır. Belə ki, Stepan Şaumyanın başçılığı ilə erməni daşnakları 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım törədilmişdir. Bu əslində ermənilərin Azərbaycanda siyasi və iqtisadi ağalığının təmin edilməsinə, Azərbaycan torpaqlarının etnik təmizlənməsinə yönəldilmiş bir qətliam, terror aktı idi. Rəsmi mənbələrə əsasən on iki minə yaxın azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, on minlərlə insan itkin düşdü, yaşayış məskənləri, məscid və qəbiristanlıqlar məhv edildi.

1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən martın 31-i ümummilli matəm günü kimi qeyd edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları tərəfindən Şamaxıda 8 minədək dinc sakin öldürülmüşdür. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında 3 min nəfərlik azərbaycanlı köçü (əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət) pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918/1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdılmış və əhalisiməhv edilmişdir.

Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənədində 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırıma məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil.

Yetmiş illik sovet dövründə erməni vəhşilikləri və soyqırımları xalqdan gizlədilmiş, bu mövzuda danışmaq və yazmaq qadağan edilmişdir. Gizli saxlanılan, üzərinə qadağa qoyularaq yaddaşlardan silinməyə çalışılan bu tarixi hadisələr özünün əsl qiymətini yalnız dövlət müstəqilliyi qazanılandan sonra alıb.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, bəlkə də, ötən əsrin əvvəlindən bizim belə bir anım günümüz olsaydı, biz də 1918-ci ilin soyqırımlarını unutmazdıq. Ermənilər olmayan soyqırımdan özlərinə saxta tarix yaradıb yeni gələn nəsilərini də, bu yalana inandıra bildilər. Bizdə isə unutqanlıq sonrakı bəlalarımızın səbəblərindən biri oldu.

Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayandan sonra keçmişdə törədilmiş erməni vəhşilikləri və soyqırımlarına obyektiv siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş, bu istiqamətdə araşdırmalar aparılmasına şərait yaradılmışdır.

Tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə , eləcə də, 1918/1920-ci illər arasında Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar, tədqiqatlar aparılıb.

Müstəqillik dövründə erməni quldurlarının azərbaycanlılara qarşı soyqırımı istiqamətində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Bunlardan biri də Quba şəhərində tapılan kütləvi məzarlıqdır. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 18 yanvar tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 3587 nömrəli Sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq, 2018-ci ildə 31 mart soyqırımının 100 illiyi dövlət səviyyəsində qeyd olunub.

Bu tarixi hadisə ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Tarix təkcə onu öyrənmək üçün deyil, eyni zamanda, ondan nəticə çıxarmaq üçündür. Bu gün Azərbaycan bu nəticəni çıxararaq öz ərazi bütövlüyünü sentyabr ayının 27-də başlayan və 44 gün davam edən antiterror əməliyyatı nəticəsində bərpa edərək, üçrəngli Azərbaycan bayrağını Şuşaya, digər azad olunmuş ərazilərimizə sancmışdır.

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin videoformatdakı nitqində qeyd edildiyi kimi, Vətən müharibəsində parlaq Qələbənin qazanılması ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

 

Bu gün Azərbaycan tək deyildir. Azərbaycanın haqq savaşında onunla birgə olan neçə-neçə dövlətlər, o cümlədən dünya gücünə çevrilən qardaş Türkiyə vardır.