“Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir” ritorikası çərcivəsində maarifləndirici seminar (online).


Martın 17- də Baki İdarəetmə və Texnologiya Kollecində (STK) “Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidirritorikası cərcivəsində maarifləndirici seminar (online) keçirildi.

Seminarda “Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir” adlı maarifləndirici mühazirə dinlənildi.

Mühazirədə qeyd olunurdu ki, "Vətən müharibəsi" kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin ciddi siyasi-mənəvi dəstəyi ilə möcüzəvi nəticələr əldə etdi. 30 il davam edən işğala son qoyuldu. “Dağlıq Qarabağ problemi” başlığı ilə işlənən ifadələr artıq “İkinci Qarabağ müharibəsi”, “Vətən müharibəsi” ifadələri ilə əvəz olundu.

Azərbaycan tarixində şərəfli dövr kimi əks olunacaq ikinci Qarabağ müharibəsinin qələbə ilə yekunlaşmasında Prezident İlham Əliyevin 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində dediyi kimi, qazanılmış qələbədə ilk öncə şəhid və qazilərimizə, hərbiçilərimizə borcluyuq.

İşğal olunmuş ərazilərimizin erməni vandallarının tapdağından azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak edən, bir an belə tərəddüd etmədən öz həyatlarını qurban verən, şəhidlik zirvəsinə yüksələn şəxslərin içərisində BİTK-nin (STK) tələbələri: Ağakişiyev Nurlan Etibar oğlu, Əliyev Azər Elnur oğlu və Əliyev Rəvan Yusif oğlu da, olmuşdur.

Ağakişiyev Nurlan Etibar oğlu 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Ağakişiyev Nurlan Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, sentyabrın 28-də şəhid olmuşdur. II Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Əliyev Rəvan Yusif oğlu Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə idi. Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edən Əliyev Rəvan oktyabrın 23-də şəhid olmuşdur. O, Sərhəd Qoşunlarının ilk şəhidlərindən biridir. 29 oktyabr 2020-ci ildə Quba Şəhidləri Xiyabanında dəfn olunub. Təltifləri:(15.12.2020)- “Vətən uğrunda” medalı; (25.12.2020)- “İgidliyə görə” medalı; (25.12.2020)- “Zəngilanın azad olunmasına görə” medal.

Əliyev Azər Elnur oğlu Göyçay rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 30 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur.

İkinci Qarabağ Müharibəsində BİTK-nin şəhid olmuş tələbələrinin sosial vəziyyəti araşdırılmış və onlara müvafiq maddi yardım göstərilmişdir. Belə ki, Kollec rəhbərliyi tərəfindən BİTK-nin şəhid olmuş tələbələrinin ailələrinə bir dəfəlik maddi yardım (hər bir şəhid ailəsinə 500 manat) verilmişdir.

Kollecdə İkinci Qarabağ müharibəsi-Vətən müharibəsində şəhd olmuş şəxslərlə bağlı təşkil olunmuş fotostend gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ailələri və müharibə əlillərinə qayğı göstərmək prioritet vəzifə kimi dövlətin diqqətindədir.

Cari ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.

Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. 2019-cu ildə 934 ədəd, 2020-ci ildə isə, 1572 ədəd mənzil və fərdi ev verilmiş, cari ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulmuşdur.

Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilmiş, 1512 mənzildən ibarət kompleks bütün zəruri infrastrukturla təchiz edilmişdir.

Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillərlə ilə təmin ediləcək.

Bundan başqa qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də davam etdirilir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilmişdir. 300-dən artıq qazimiz bu protezlərlə təmin ediləcəkdir. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və normal həyata dönə biliblər. Bundan başqa müharibə əlillərinə  7200-ə yaxın minik avtomaşını verilmişdir.

Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazmış şəxslərin ailə üzvlərinin və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə dövlət başçısının 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən “YAŞAT” Fondu təsis edilmişdir. Yüzlərlə şəhid ailəsi və müharibə iştirakçılarına Fonda toplanmış vəsait hesabına maddi dəstək göstərilmişdir. Şəhid ailələri və qazilərimizə qayğı ölkə Prezidenti tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, bu istiqamətdə sistemli layihə və tədbirlər həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında xüsusi qeyd olunduğu kimi, şəhidlik adlı zirvəyə yüksələn şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!