Qalib Ordu ritorikası cərcivəsində tədbir

 

 



15 mart 2021-ci il tarixində BİTK-də (STK) Qalib Ordu ritorikası çərçivəsində “44 günlük Vətən müharibəsində tarix yazmış Azərbaycan xalqı” adi altında maarifləndirici tədbir (onlayn) keçirildi.

Tədbirdə müzəffər Azərbaycan Ordusunun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gələrək, erməni tapdağında olan ərazilərimizin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynamasından, döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirməsindən bəhs edən mühazirə dinlənildi.

Mühazirədə qeyd olunur ki,  xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir tarixdir. 30 ildən bəri işğal altında qalmış və tamamilə dağıdılmış torpaqlarımızı erməni barbarlarının işğalından azad etmək arzusu ilə yaşayan Azərbaycan xalqı nəhayət ki, bu arzusuna qovuşdu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində azad edilən Qarabağımızın müxtəlif guşələrində müstəqilliyimizin rəmzi olan müqəddəs üçrəngli bayrağımız dalğalandı.

Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb. Pilotsuz uçuş aparatları təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Azərbaycan ordusu 44 günlük müharibə ərzində Türkiyə istehsalı olan zərbə pilotsuz aparatlardan- PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən,  o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Azərbaycan pilotsuz An-2 təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edib. Azərbaycan Ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir.

.Azərbaycan Ordusunun döyüş əzmi haqqındaAzərbaycan Prezidenti İlam Əliyev çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir”.

Azərbaycan Ordusunun yüksək peşəkarlığı haqqında qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: “.... Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi”.

Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu qəti keyfiyyət texnoloji üstünlüyünə sahib id.

Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxartdı. Azərbaycan ordusu getdikcə, daha da  güclənir. Yeni müqavilələr imzalanır, ən müasir silahlar alınır. Dünyada hansı müasir silah varsa, onların alınması üçün də müqavilə imzalanıb və Azərbaycana gətiriləcək.

Hazırda ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edilərək,işğaldan azad edilən ərazilərdə sektorlar üzrə investisiya qoyuluşu, həmçinin investorların cəlb edilməsi ilə bağlı məsələlər araşdırılır. Şuşa və bir neçə yaşayış məntəqəsi istisna olmaqla qalan bütün ərazilərin həm sosial şərtləri, həm də iqtisadiyyatının sıfırdan qurulması nəzərdə tutulur.

Prezident İlham Əliyev bu günlərdə yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında jurnalistin müvafiq sualına cavabında da erməni barbarlarının minaladıqları ərazilərin minalardan təmizlənmə prosesinə mühüm önəm verildiyini bildirdi: “Məskunlaşma üçün, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi başa çatdırılmalıdır... İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra kritik yol xətlərinin bərpasına başlanacaq. ..İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək”.

YAP-ın VII qurultayında Prezident İlham Əliyev müharibənin nəticələrindən danışarkən, hazırda müzakirə mövzusu olan Qarabağda “ağıllı kənd” layihəsinə start verildiyini də, vurğulayıb.

Prezident İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” ifadəsi tezliklə böyük layihə və işlər sayəsində, həqiqətən də, Qarabağımızın gözəlliyinə gözəllik qatacaq.

 

Müzakirəyə qoyulan mövzu ətrafında suallar cavablandırıldı.