Qardaş Türkiyənin Azərbaycanın haqq işinə dəstəyi

Azərbaycanın erməni işğalçılarına qarşı öz ərazisində keçirdiyi sentyabr ayının 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri tarix yazdı. Belə ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi tariximizə qızıl həriflərlə yazıldı.

İkinci Qarabağ müharibəsi noyabr ayının 10-da Rusiya Federasiyasının bilavasitə təşəbbüsü, təşkilatçılığı ilə üçtərəfli sülh bəyanatının imzalanması ilə başa çatdı. Bəyanata əsasən 2020-ci ilin sonunadək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da, rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi-mənəvi dəstəyi verən ölkələrin böyük rolu olmuşdur. İlk növbədə qardaş Türkiyənin adını qeyd etmək lazımdır.Türkiyə nəinki, Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana siyasi, hərbi, mənəvi baxımdan arxa olaraq, erməni işğalına son qoyulmasına dəstək verib, eyni zamanda Cənubi Qafqazda da, əmin-amanlığın yaradılmasında aparıcı qüvvəyə çevrilib.

Prezident İlham Əliyev daxili və xarici mətbuat konfranslarında dəfələrlə vurğuladığı kimi, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. “Biz bunu çox yüksək qiymətləndiririk”.

Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan iki qardaş ölkələrdir. Türkiyə və Azərbaycan həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdədir, bir-birini dəstəkləyir.Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq barədə danışıblar. Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb.

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edərkən xüsusi vurğulamışdır“...iki qardaş ölkə daim bir-birinin yanındadır. Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir”.

Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyi özünü hələ Birinci Qarabağ müharibəsinin ilk günlərində göstərmişdir. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır. Türkiyənin Ermənistan ilə sərhədlərini bağlaması əlbəttə ki, qardaşlıq rəmzi idi, həmrəylik aktı idi.

Qardaş ölkənin prezidenti hörmətli Ərdoğanın Azərbaycanın İkinci Qarabağ müharibəsində də, yalnız olmadığı, Türkiyənin Azərbaycanın yanında olduğu ilə bağlı verdiyi açıqlamalar bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da, çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Türkiyə Azərbaycanla bağlı məsələlərə seyirçi qalmayacaq: “Müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəçiliyi götürmüşük”.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu və digər yüksək vəzifəli rəsmiləri də, birmənalı olaraq Azərbaycana dəstək vermişlər.

Türkiyə-Azərbaycan əməkdaşlığı hazırda yeni müstəviyə keçmişdir. Bu əməkdaşlığın istiqamətlərindən bəziləri bunlardır:

-Noyabrın 10-da imzalanmış Bəyanata müvafiq Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyəti göstərir. Rusiya-Türkiyə Monitorinq Mərkəzini Azərbaycan öz vəsaiti hesabına Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bu monitorinq mərkəzinin fəaliyyətində əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın;

-Keçən il 10 noyabr tarixli Bəyanatına görə, Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılmalıdır. Bu barədə planlar reallaşacaq;

-Türkiyədən müasir texnika alınıb, o artıq gətirilib. Bu texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq;

-Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir. İlk kontraktlar Türkiyə şirkətləri ilə imzalanıb;

-Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da, türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Bu istiqamətdə artıq ilkin razılaşmalar əldə edilib;

-Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak edirlər;

-Azad edilmiş torpaqlarda bir çox sahələrdə: inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində Türkiyə şirkətləri də iştirak edəcəklər;

-Hərbi sənaye və müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır; Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib, yeni kontraktlar imzalanıb;

-Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. 2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdir. Keçən il pandemiyaya görə az keçirildi. Cari ildə Qars şəhərində keçirilmişdir. Bu ortaq hərbi təlimlər daha çox keçiriləcək;

-Azərbaycanda Türk Ordusunun kiçik modeli yaradılacaq. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Dünya ictimaiyyətinə məlum olduğu kimi, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur;

-Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr arasında qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.