Şuşa şəhərinin işğaldan azad edilməsi ilə “Ermənistan ordusunun məğlubedilməzliyi” mifi darmadağın edildi

2020- ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan “dəmir yumruq” əməliyyatında əldə edilən möhtəşəm qələbələrdən biri də, məhz 8 noyabrda Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Müstəqilliyimizin rəmzi olan müqəddəs üçrəngli bayrağımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun gücü sayəsində mədəniyyətimizin beşiyi olan Şuşada dalğalandı.

Məlum olduğu kimi, Şuşa şəhəri Birinci Qarabağ müharibəsi dövründə (1992-ci il may ayının 8-nə keçən gecə) erməni hərbi birləşmələri tərəfindən keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə işğal olundu. Şuşa şəhərinin işğalından sonra 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərin itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Ermənistanın silahlı qüvvələri 1954-cü il Haaqa “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Konvensiyası və YUNESKO-nun 1972-ci il “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” konvensiyasına zidd olaraq, Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin milli tarixi abidələrini, ümumən 600-ə yaxın tarixi memarlıq abidəsini (Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi və s.)  yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, 8 mədəniyyət evini, 31 kitabxananı, 8 muzeyin fondlarını qarət etmiş, Qafqazda yeganə Şərq musiqi alətləri fabriki  və s. tikililəri dağıtmış, şəhərin özünü tamamilə xarabazara çevirmişdir.

Yuxarıda qeyd edildiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi gedişində, 8 noyabr tarixində Şuşa şəhəri erməni  işğalından azad edildi.

Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm vermişdir. Şuşa şəhərinin  xilası ilə İkinci Qarabağ müharibəsində tam qələbəmizə yol açıldı. 44 günlük müharibə ermənilərin yalnız Qarabağ siyasətini deyil, həm də 100 illik ümidlərini məhv etdi. “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini də darmadağın etdi

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində dediyi kimi: “Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla yüksək dağlıq şəraitdə həyata keçirdiyi Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir”.

Ermənistanın müdafiə naziri David Tonoyanın ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verərkən qeyd etdiyi ifadə deyilənlər baxımdan maraq doğurur. “Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq...  Ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Prezident İlham Əliyev 30 illik işğaldan sonra azad edilmiş ərazilərə səfər etməklə, həmin ərazilərdəki vəziyyətlə yaxından tanış oldu. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə mədəniyyət beşiyimiz olan Şuşaya tarixi səfəri maraqlı məqamlarla yadda qaldı. Bu səfər zamanı Prezidentin Şuşanın bərpası və yenidən qurulması, onun tarixi şəhər kimi mühafizəsi ilə bağlı səsləndirdiyi fikirlər mədəniyyətimizin qorunması və gələcək nəslə çatdırılması baxımından olduqca önəmlidir. İstər azərbaycanlı, istərsə də xarici jurnalistlər cənab Prezident İlham Əliyevin Şuşa səfərinə xüsusi diqqət göstərdilər. Qürurverici haldır ki, Şuşa səfəri qardaş Türkiyə, eləcə də digər xarici mətbuatda geniş işıqlandırıldı.

Ali Baş Komandanımızın 39 il sonra təqvimin eyni günündə tarixi şəhərimiz olan Şuşaya səfəri çərçivəsində tarixi fotoları nümayiş etdirməsi, eləcə də görkəmli mədəniyyət və incəsənət xadimlərinin: dahi Üzeyir Hacıbəylinin, Natəvanın və Bülbülün büstlərinin doğma şəhərlərinə qaytarılması xalqımız üçün olduqca diqqətçəkən məqamlardan idi.

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında qeyd etdiyi kimi, -- İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq,

İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.

Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin ediləcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar.

Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər.

Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur Hazırda bütün diqqət və səylər Qarabağın abad və xoş gələcəyi üçün görülən işlərə yönəlib.