“20 Yanvar- Azərbaycan xalqının şan və şərəf günüdür” mövzusunda dəyirmi masa (online) keçirilib.

 

Baki İdarəetmə və Texnologiya Kollecində (STK) “20 Yanvar- Azərbaycan xalqının şan və şərəf günüdür” mövzusunda dəyirmi masa (online) keçirilib.

19 yanvarda Baki İdarəetmə və Texnologiya Kollecində (STK) 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş onlayn dəyirmi masa keçirilib.

Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Tədbiri giriş nitqi ilə açan kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı vurğulayıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsi xalqımıza - insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Faiq Şahbazlı onlayn tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Ölkəmizin azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi əbədi yaşayacaqdır.

BİTK-nin (STK) şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova 31 il öncə baş verən 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, onun baş vermə səbəbləri haqqında danışıb. O, qeyd etdi ki, təpədən-dırnağadək silahlanmış keçmiş Sovet ordusu hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, 744 günahsız insanı yaralamış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdir. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdür.

N. Məmmədova həmçinin, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyət, xalqımızın azadlıq mübarizəsində 20 Yanvar faciəsinin oynadığı roldan, Ulu öndər Heydər Əliyevin sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb etməsindən ətraflı bəhs edib.

Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnmişdir. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi hər il ölkə daxilində və xaricində Ümumxalq Hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Bu gün şəhidlərimizin ruhu şaddır, çünki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən işğal altında olan torpaqlarımız artıq düşmən tapdağından azad edilib.

Dəyirmi masa Kollecin şöbə müdirləri və müəllimlərin çıxışları ilə davam edib.

Kollecin Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, şöbə müdirlərindən Ramal İlhamlı, Təranə Məmmədova və s. məruzəçilər XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilmədiyi, qanlı aksiyanın sifarişçiləri və icraçıların cəzalandırılmadığından, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələrindən söz açıblar.