Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında

Nərminə Məmmədova, ped. üzrə fəl.dok. BİTK-nın şöbə müdiri



25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.

1999-cu il dekabrın 17-də BMT Baş Assambleyası noyabrın 25-ni Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü elan edib. Hər il noyabrın 25-də zorakılıq əleyhinə beynəlxalq gün kimi qeyd edirlir.

Bu kampaniya 25 noyabr Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə kimi  davam edir.

İnsan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınması problemi getdikcə daha da aktuallaşır.

Təəssüf ki, bu məsələ uzun müddət ərzində öyrənilməmiş, gizlədilmiş və məxfi saxlanılmışdır. Hətta Sokrat və Homer kimi antik müəlliflərin əsərlərində qadınlara qarşı neqativ münasibətdən söhbət açılmış, qadının kişilərə tabeçiliyinə dair müddəalar bəzi digər qədim mənbələrdə də yer almışdır.

Məişət zorakılığı ilə mübarizə ABŞ-da 1970-ci illərdə, Avropada 1970-80-ci illərindən sonra öyrənilməyə başlanılmışdır. Avropa Şurasının məişət zorakılığı da daxil olmaqla, qadınlara münasibətdə zorakılıqla mübarizə üzrə kampaniyası, Avropa İnsan hüquqları Məhkəməsinin müvafiq məsələyə dair qərarları, həmçinin, BMT tərəfindən bu yaxınlarda aparılmış əhatəli tədqiqatlar problemlərin aşkar edilməsini və bu istiqamətdə səylərimizin artırılmasının vacib olduğu sahələrin müəyyənləşdirilməsinə yardım etmişdir.

Düzdür, Azərbaycan Respublikasndaməişət zorakılığının kökü yoxdur, qadın tarixən cəmiyyətdə və ailədə yüksək tutulur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına seçki hüququ verilmişdir.

Bununla belə, bu problem Respublikamızda da,istisnalıq təşkil etmir. Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur.

Ölkəmizdə bu hal qonşu Ermənistanın işğalçılıq fəaliyyəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkünlərin meydana gəlməsi ilə daha da dərinləşmişdir. Belə ki, 250 min ailə sosial, mənəvi və məişət problemləri və bundan irəli gələn psixoloji gərginliyə məruz qalmaqdadır.

Məişət zorakılığı nə deməkdir? Zorakılığı törədən kəslərin böyük hissəsini ənənəvi olaraq məhz kişilər təşkil edir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. BMT-nın Baş Assemleyasının 1993-cü il tarixli deklarasiyasına görə “gender əsaslı zorakılıq ictimai və ya şəxsi həyatda qadına qarşı törədilən fiziki, cinsi, psixoloji zədə və sarsıntı ilə nəticələnən və ya nəticələnə biləcək, eləcə də bu kimi aktların törədiləcəyi barədə hədə-qorxu gəlmək, nəyəsə məcbur etmək, özbaşına olaraq fərdi azadlıqdan məhrum etmək kimi hər hansı bir zorakılıq aktı deməkdir” (UN 1993).

Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda göstərilmişdir. Bu qanuna əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır” (1058-IIIQ).

Məişət zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır. Məişət zorakılığında hüquq və məsuliyyətdə bərabər olmalı olan iki gənc və ya iki yetkin şəxs bir-birinə qarşı güc və nəzarət tətbiq edir. Lakin hüquqi olaraq bunlardan heç birinin digərinə qayda qoymağa və ya biri digərini nəzarət altında saxlamağa haqqı yoxdur. Məişət zorakılığı bu bərabər hüquqlu insanların münasibətində həmin hüquqi bərabərliyin pozulması halıdır.

Məişət zorakılığı və ya ailədaxili şiddətə adətən arvad döymək, qadına qarşı şiddət, ailə üzvlərinin döyülməsi, ər-arvad arasında baş verən dava kimi adlar verilir.

Bəzi hallarda qadınlar da şiddət törədə bilər, lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün istifadə edilmiş  şiddətdir.

Məişət zorakılığı fiziki, cinsi-psixoloji, eləcə də iqtisadi zorakılıq formasında törədilir. Fiziki zorakılığın olub-olmamasından asılı olmayaraq bütün zorakılıq növləri birlikdə qurbanın psixologiyasına mənfi təsir göstərir və onun sosial aktiv bir fərd kimi fəaliyyətində, özgüvənində və öz dəyərini anlamaqda, bir sözlə ruhi sağlamlığında böyük sarsıntılara səbəb olur.

Respublikada problemin dərindən öyrənilməsi və ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə 2014-cü ilin noyabrında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Lənkəran, Şəmkir, Füzuli və Beyləqanda tibb müəssisələrinə müraciət edən qadınlar arasında sorğu həyata keçirilib. Sorğuda 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş 400 qadın iştirak edib.

Sorğunun hesabatında göstərilir ki, ailədə qadının qərarvermədə iştirakı birbaşa olaraq onun təhsil səviyyəsindən asılı olur. Ailədə həyat yoldaşı tərəfindən zorakılıq və ya günahlandırılma faktları digər kateqoriyalarla müqayisədə ali təhsilli qadınlara qarşı daha azdır (42,9%). İbtidai təhsili olan və heç təhsili olmayan qadınlar təhqir edilməyə daha çox məruz qalırlar.

Təəssüf ki, cox vaxt ailəni qoruyub saxlamaq və uşaqlara mənəvi əzab verməmək naminə qadınların çox az faizi fiziki və ya cinsi zorakılığa məruz qaldıqda kömək məqsədilə kimə isə müraciət etmişdir. Qadınların məlumatlılığının aşağı səviyyədə olması, erkən yaşda nikah qurduqlarını nəzərə alaraq bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac duyulur.

Dövlətimiz tərəfindən bərabərliyin bərqərar olunması üçün ciddi maneə olan gender probleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır.

1995-ci il Konstitusiyası qadınlara qarşı siyasi, hüquqi, sosial, iqtisadi və ya psixoloji ayrı-seçkiliyin bütün formalarını aradan qaldırdı.

Ümummilli lider Heydər Əliyev, eləcə də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda qadınların rolunun artırılmasına və qadınlara münasibətdə dövlət siyasətinin gücləndirilməsinə dair xüsusi fərmanlar qəbul olunmuşdur.

2006-cı ilin sonunda təsdiq edilən "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, qurbanların hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsinə dair ayrıca fəaliyyətləri nəzərdə tutur.

2007-ci ildə Hökumət demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Kompleks Proqramı təsdiq etmiş və "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" BMT Konvensiyasının (CEDAW) milli qanunvericiliyə implementasiyası üzrə intensiv işlər görülür.

2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması məişət zorakılığının qarşısının alınması üçün polis və yerli icra orqanlarının qarşısına müəyyən öhdəliklərin qoyulmasının, dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir.

2011-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndi, həmçinin  “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılması, ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması bir məqsəd kimi qarşıya qoyulmuşdur.

Bununla yanaşı, Avropa Şurasının xüsusi Kampaniyasında fəal iştirak edilmiş, BMT ilə birgə "XXI əsrdə qadınlara qarşı zorakılıqla Mübarizə Layihəsi" hazırlanmış və həyata keçirilmişdir.

Hər il Azərbaycanda UNİSEF-lə birgə uşaqlara qarşı zorakılıqla mübarizə tədbirləri həyata keçirilir.

Məişət zorakılığı sosial bir bəladır. Lakin məişət zorakılığının qarşısının alınmasında, zorakılıqla üzləşmiş qurbanların problemlərinin həll edilməsində və zorakı şəxslərin cəzalandırılmasında dövlətin birbaşa iştirakı qaçılmazdır. Bütün ölkə üzrə məişət zorakılığı hallarının qarşısının alınması işlərində məişət zorakılığı barəsində hüquq mühafizə sisteminin təlimatlandırılması, zorakılığa məruz qalmış və zorakılıq törətmiş şəxslə işin aparılmasında bilik və bacarıqlarının artırılması, yeni sığınacaqların salınması və bu sığınacaqların psixoloq, vəkillər kimi insan resursları ilə təmin edilməsində dövlətin bilavasitə dəstəyi və ya münbit şərait yaratması,  kompleks hüquqi, sosial və profilaktiki tədbirlərin həyata keçirməsi, zorakılıq qurbanına hüquqi, tibbi, psixoloji yardımın göstərməsi və onların reabilitasiyası üçün xüsusi mərkəzlərin yaradılması lazımdır.

Cəmiyyətin diqqətinin bu problemə yönəldilməsində vətəndaş cəmiyyəti böyük rol oynayır. Hazırda Azərbaycanda gender problemi uğurla həll olunur, artıq ölkədə bütün muzdla işləyənlərin 48 faizi qadınlardır.

Bu gün ölkədə 2500-ə yaxın QHT var. Onlardan170-i öz fəaliyyətini bilavasitə qadın və uşaq hüquqlarına həsr etmiş, 4 minə yaxın KİV-də ölkədə mövcud olan məişət zorakılığına qarşı kampaniya keçirilir, televiziyada bu mövzuda videoroliklər nümayiş etdirilir.

Yuxarıdakı şərhi məşhur Şərq müdrik kəlamı ilə yekunlaşdırmaq olar: "Yalnız alicənab insan qadına ehtiramla yanaşar, rəzil adam isə alçaldar!".

Birləşərək “Qadınlara və qızlara qarşı zorakılığa son!”- deyək.