ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlının təbriki.


Hörmətli müəllimlər, əziz tələbələr!

Yola saldığımız 2020-ci il bütün dünya üçün çətin sınaqla başladı. Koronavirus infeksiyasının yayılması nəticəsində ənənəvi həyat tərzimizdən uzaqlaşmalı olduq. Artıq iki semestrdir ki, siz tələbələrlə doğma kollecimizdə görüşə bilmirik. Bütün bunlara baxmayaraq biz sağlamlığımız üçün pandemiya dövründə qaydalara əməl edib virusa birgə qalib gəlməliyik. Tezliklə pandemiyanın bitməsini və sizi doğma kollecimizdə görməyi arzu edirəm.

2020-ci ilin sonu isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, 30 il ərzində işğal altında olan torpaqlarımız azad olundu.

Onu da qeyd etmək istəyirəm ki, Vətən müharibəsində kollecimizin 3 tələbəsi qəhrəmancasına şəhid olmuş, hal-hazırda hərbi xidmətdə olan 9 tələbəmiz isə Vətən müharibəsindəki cəsur iştiraklarına görə müxtəlif medallar ilə təltif edilmişdir.. Bir daha Şəhid olmuş tələbələrimizə Allahdan rəhmət diləyir, bütün tələbələrimizə göstərdikləri igidliyə görə təşəkkür edirəm və onları təbrik edirəm.

Bu tələbələri yetişdirən valideynlər və müəllim kollektivi öz sevgisi və peşəkarlığı ilə fəxr edə bilərlər.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızın işğalına son qoyaraq Şanlı Qələbə qazandı. Beləliklə Azərbaycan 2020-ci ili qalib kimi başa vuran yeganə ölkə oldu.

Hörmətli kollektivimiz, əziz müəllimlərimiz, dəyərli tələbələrimiz, Sizləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Təqvim İli münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!

Ümid etmək istəyirəm ki, növbəti il dövlətimizə, xalqımıza və həm də Kollecimizə düşərli və uğurlu il olacaq.