44 günlük Vətən müharibəsi - BİTK-nin şəhidləri

 

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan özünümüdafiə hüququ çərçivəsində İkinci Qarabağ Müharibəsinə -Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı.

“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrildi. 44 gün: sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin ciddi siyasi-mənəvi dəstəyi ilə Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəvi nəticələr əldə etdi, tarixi qələbələr qazandı. Vətən müharibəsi - İkinci Qarabağ Müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu.

300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Əzəli torpaqlarımızın düşmən işğalından azad olunması üçün 30 il gözləməli olduq.

Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan və hər bir Azərbaycanlının qəlbində qürur və iftixar simvolu olan Şuşa şəhəri düşmən əsarətindən azad edildi.

Noyabrın 10-da Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla,qan tökülmədən qaytaraq.

İkinci Qarabağ Müharibəsində əvəzsiz itkilərimiz də oldu. Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban vermiş şəhidlərin içərisində BİTK-nin tələbələri: Ağakişiyev Nurlan Etibar oğlu, Əliyev Azər Elnur oğlu, Əliyev Rəvan Yusif oğlu da olmuşdur. Onlar bu gün fəxr etdiyimiz və bütün gələcək nəsillərin fəxr edəcəyi Qələbə tariximizi öz qanları ilə yazdılar. “Vətən sağ olsun”.

İkinci Qarabağ Müharibəsində canını qurban verib, şəhidlik zirvəsinə yüksələn Ağakişiyev Nurlan Etibar oğlu, Əliyev Azər Elnur oğlu, Əliyev Rəvan Yusif oğlu bizim həm nisgilimiz, həm də qürur mənbəyimizdir. Onlar bizim aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayacaqlar.

Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!